
Oktyabrın 15-də Azərbaycanda keçirilmiş prezident seçkilərində cəmi 8 seçki məntəqəsində səsvermənin nəticələri ləğv olunub.
Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev APA-ya bildirib ki, həmin nəticələr Dairə Seçki Komissiyaları tərəfindən ləğv olunub. Səsvermənin nəticələri 60 saylı Salyan-Neftçala Seçki Dairəsinin 15 saylı məntəqəsində, 84 saylı Füzuli Seçki Dairəsinin 10, 29 və 59 saylı məntəqələrində, 87 saylı Ağsu Seçki Dairəsinin 41 saylı məntəqəsində, 93 saylı Bərdə Seçki Dairəsinin 29 saylı məntəqəsində, 106 saylı Tovuz - Qazax-Ağstafa Seçki Dairəsinin 27 və 36 saylı məntəqələrində etibarsız hesab olunub. Bu seçki məntəqələrində ümumilikdə 57 min 760 seçici səsvermədə iştirak edib.
MSK-nın katibi Natiq Məmmədov isə APA-ya bildirib ki, sözügedən seçki məntəqələrində səsvermənin nəticələrinin ləğv edilməsinə səbəb seçicilərin iradəsinin müəyyən edilməməsi olub. N. Məmmədov bildirib ki, həmin nəticələr DSK-lar tərəfindən ləğv edilib, baş verən pozuntularla bağlı araşdırmaları da DSK-lar aparacaq.
Qeyd edək ki, 2003-cü il prezident seçkilərində 115 seçki dairəsinin ərazisində ümumilikdə 694 seçki məntəqəsində səsvermənin nəticələri ləğv edilib. Buna səbəb məntəqə seçki komissiyaları tərəfindən səsvermənin nəticələri haqqında protokolların düzgün tərtib edilməməsi halları və nəticələrə təsir göstərə biləcək digər çatışmamazlıqların aşkar edilməsi olub. /APA/