
Oktyabrın 15-də Azərbaycanda keçirilən prezident seçkisində namizəd olmuş şəxslərin bir neçəsi “Xural” qəzeti barədə məhkəməyə müraciət edəcək. Böyük Quruluş Partiyasının sədri, prezidentliyə keçmiş namizəd Fazil Qəzənfəroğlu APA-ya deyib ki, “Xural” qəzetinin sonuncu sayında seçki kampaniyası ilə bağlı çap olunan yazıda ona qarşı böhtan atılıb: “Həmin yazıda bildirilir ki, seçki kampaniyası üçün guya bizə verilən məbləği təzminat olaraq onun tərəfindən ödənilməsini tələb edəcəyik. Mən mətbuatla məhkəmə çəkişməsinin olmasını istəmirəm. Amma böhtanın bir dərəcəsi olmalıdır. Oktyabrın 26-a qədər vaxt vermişəm. Əgər həmin vaxta qədər təkzib verilməsə, oktyabrın 27-də məhkəməyə müraciət etmək məcburiyyətində qalacağıq. Bizim tərəfimizdən isə heç bir bağışlanma olmayacaq”. Müasir Müsavat Partiyasının sədri, sabiq prezidentliyə namizəd Hafiz Hacıyev də məqalədə yazılanlarla bağlı məhkəməyə müraciət etmək niyyətində olduqlarını söyləyib: “Qəzetin baş redaktoru Əvəz Zeynallı yazıda həm dövlət başçısına, həm də prezidentliyə namizədlərə böhtan atıb. Sonra da jurnalist həbs olunanda, deyirlər ki, mətbuata təzyiqlər var. Biz nə edək ki, təhqir olunuruq”. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, keçmiş prezidentliyə namizəd Qüdrət Həsənquliyev yazı ilə bağlı Mətbuat Şurasına müraciət etdiklərini deyib. Ümid Partiyasının sədri, keçmiş prezidentliyə namizəd İqbal Ağazadə məhkəməyə müraciət etmək niyyətində olmadığını bildirib: “Heç hara müraciət etmək niyyətim yoxdur. Yazını oxumamışam və oxusam da belə, kiməsə şikayət etmək istəmirəm. Fikrimcə, bu, mətbuata qarşı təzyiq olar”. “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı isə deyib ki, məhkəmədə prezidentliyə sabiq namizədlərə qalib gəlməyə hazırdır: “Məmnunam ki, prezidentliyə namizədlər mübarizə aparmağa obyekt tapdılar”. /APA/