
Prezidentliyə namizəd Qüdrət Həsənquliyev Goranboyda seçicilərlə görüş keçirib. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından (BAXCP) APA-ya verilən məlumata görə, Q. Həsənquliyev regionlarda insanların qarşılaşdığı gündəlik problemlərdən çıxış yolları, təhsil və səhiyyə sahəsində həyata keçirmək istədiyi yeniliklər barədə danışıb. O, prezident seçiləcəyi təqdirdə bölgələrdəki işsizlik probleminin həlli üçün zəruri addımların atılacağını söyləyib. Namizəd Dağlıq Qarabağ problemi və ordu quruculuğuna da toxunaraq hərbçilərin minimum əmək haqlarının 1000 manata çatdırılmasının, onların mənzil probleminin həlli üçün xüsusi dövlət proqramının hazırlanaraq həyata keçirilməsinin zəruriliyini vurğulayıb: “Orduya dövlət və ictimai nəzarət gücləndirilməli, Neft Fonduna toplanan vəsaitlərin 80 faizi müdafiə sənayesinin inkişafına və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəldilməlidir. Bununla yanaşı, peşəkar ordu quruculuğu prosesi tez bir zamanda həyata keçirilməli və hərbi xərclər büdcənin 25-27 faizinə çatdırılmalıdır”. Prezidentliyə namizəd sonda seçiciləri maraqlandıran suallara cavab verib. /APA/