
Azərbaycan müxalifətini təmsil edən Müasir Müsavat Partiyasının sədri, prezidentliyə namizəd Hafiz Hacıyev bildirib ki, cümə günü bir qrup şəxs onunun rəhbərlik etdiyi siyasi təşkilatın mərkəzi qərərgahına hücum edib.
«Mən İctimai Televiziyada çıxış edən zaman bir necə məmurun rüşvət almaqla məşğul olduqlarını vətəndaşlara çatdırıram. Bizim qərargaha hücum edən şəxsləri adını çəkdiyim məmurlar göndəriblər» - cümə günü Trend News-a Hacıyev bildirib.
Onun sözlərinə görə, bir qrup şəxs partiyanın qərargahının yerləşdiyi əraziyə gəlib və icəri daxil olmağa cəhd göstəriblər. Lakin qərargahın qapıçısı onların içəri daxil olmasına imkan verməyib: «Onlar «Hafiz Hacıyevə ölüm!» şüarı səsləndiriblər və məqsədləri məni öldürməkdir. Bu barədə bəzi xarici ölkələrin səfirlərinə də məlumat vermişəm. Lakin mən mövqeyimdən geri çəkilən deyiləm».
Prezidentliyə namizəd qeyd edib ki, hadisə ilə bağlı hüquq - mühafizə orqanlarına müraciət etməyi planlaşdırmır. O, bunu hüquq - mühafizə orqanlarına inanmaması ilə izah edib: «Öz adamlarımın hesabına təhlükəsizliyimi gücləndirmişəm».
Müasir Müsavat Partiyası özünü iqtidara qarşı konstruktiv müxalifət hesab edir. /Trend/