
Azərbaycanın sol təmayüllü Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə, son beş ildə partiyanın uğurlarının məğlubiyyətlərdən çox olduğunu söyləyib.
«Partiyanın maddi imkansızlığından bir çoxları istifadə edib. 2003 - cü ildə partiyanın altı mindən çox üzvü vardı. Həmin ildə Ayaz Mütəllibovun partiyaya gəlməsi ilə bağlı fövqəladə qurultay keçirdik və bundan sonra partiyaya axın başladı. Üzvlərin sayı 26 mini keçdi. Onlar gözləyirdilər ki, Mütəllibov qayıdıb hansısa bir vəzifə tutacaq və onları da vəzifədə qabağa çəkəcək. Lakin Mütəllibov qayıda bilmədi və bu məqsədlə gələnlər partiyadan uzaqlaşdılar» - Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) şəndə günü Bakıda keçirilən XI qurultayında Əlizadə deyib.
Əlizadə son illər partiyada heç vaxt baş verməyən proseslərin cərəyan etdiyini bildirib. «Partiyada münasibətlərin aydınlaşdırılması, qarşıdurmalar baş verib. Həm Ayaz Mütəllibovun, həm də mənim kadr səhvlərimiz olub», - Əlizadə əlavə edib.
O, hazırda partiyanın üzvlərinin sayının üç mindən artıq olduğunu bildirib.
Azərbaycan müxalifətini təmsil edən sol təmayüllü Sosial Demokrat Partiyasının (ASDP) hazırda Rusiya paytaxtı Moskvada mühacirətdə yaşayan həmsədri, eks-prezident Ayaz Mütəllibov partiyanın fəaliyyətindən narazıdır.
«Son illər partiya üzvlərinin sayı artmayıb və təşkilatın fəaliyyətini genişləndirə bilməmişik», - Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) şəndə günü Bakıda keçirilən XI qurultayına telefon vasitəsi ilə qatılan Mütəllibov bildirib.
Mütəllibov qeyd edib ki, maddi çətinliklər səbəbindən partiyanın fəaliyyəti zəifləyib. Onun fikrincə, buna baxmayaraq, bütün gücləri səfərbər etməklə problemləri aradan qaldırmaq olar.
«Bolşeviklər mübarizəyə başlayanda nə maddi imkanları, nə də avtomobilləri vardı. Lakin onlar mübarizə aparıb, qalib gəldilər. Ona görə də işləmək lazımdır», - eks-prezident əlavə edib.
Mühacir həmsədr bildirib ki, ASDP-nin rayonların əksəriyyətində yerli təşkilatları yoxdur.
Mütəllibov hesab edir ki, partiyanın bir sıra rayon təşkilatları heç bir işlə məşğul olmurlar.
Son zamanlar ASDP-nin daxilində yaranan narazılıqlara toxunan həmsədr deyib ki, partiyada birliyin olması vacibdir.
Mütəllibov bu hadisələri «hörmətsizlik, qanuna tabe olmamaq, Nizamnaməni pozmaq» kimi qiymətləndirib.
«Mən nə heç kimin tərəfini tutmamışam, üstünlük verməmişəm, nə də şübhə altına almamışam», - eks-prezident deyib.
Trend News - un məlumatına görə, şənbə günü partiyanın qərargahında ASDP - nin XI qurultayı keçirilib. Qurultayda 20 - dən artıq rayon və şəhər təşkilatından seçilmiş 103 nümayəndədən 89 - u iştirak edib. Qurultayda partiya həmsədrləri Ayaz Mütəllibov və Araz Əlizadənin, Mərkəzi Komitə və Mərkəzi Nəzarət -Təftiş Komissiyasının hesabatları dinlənilib, partiya rəhbərliyi və seçkili orqanlar yenidən formalaşdırılıb.
Sonra seçkili orqanlara qapalı seçki keçirilib. Ayaz Mütəllibov və Araz Əlizadə yenidən ASDP -nin həmsədrləri seçiliblər. Mərkəzi Komitənin 24, Mərkəzi Nəzarət Komissiyasının 3 nəfərdən ibarət tərkibi də müəyyənləşdirilib. /Trend/