
Azərbaycanda keçiriləcək prezident seçkisində istifadə olunacaq gözlə görünməyən mürəkkəb, əlavə şəffaf seçki qutuları və ultra-bənövşəyi detektorlar (lampalar) Danimarkadan Azərbaycana gətirilib.
«Artıq seçki ləvazimatlarının Dairə və Məntəqə seçki komissiyalarına paylanmasına başlanılıb», cümə günü Trend News-a Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov bildirib.
Azərbaycana ilk şəffaf seçki qutuları 2003-cü il prezident seçkisində gətirilib və tətbiq olunub.
Azərbaycanda 5 000-dən artıq seçki məntəqəsi fəaliyyət göstərir. Hər məntəqəyə bir daşınan və daşınmaz şəffaf qutu qoyulur.
Qasımov qeyd edib ki, seçicilərin sayından asılı olaraq hər seçki məntəqəsinə 1, 2 və 3 gözlə görünməyən mürəkkəb balonu veriləcək.
Onun sözlərinə görə, Azərbaycana şəffaf seçki qutuları və ultra-bənövşəyi detektorlar 2005-ci ilin parlament seçkisi dövründə gətirilib: «Bu il gətirilənlər əlavədir». /Trend/