
Azərbaycanın «Seçki 2008» QHT koalisiyası 1500 nəfər müşahidəçi ilə prezident seçkisini izləyəcək. Koalisiyadan cümə günü Trend News- a verilən məlumata əsasən, müşahidəçilər 60 seçki dairəsində müşahidə aparacaq.
«Seçki 2008» QHT Koalisiyası prezident seçkilərində ictimai fəallığın artırılması məqsədi ilə bu ilin avqustunda yaradılıb. Koalisiya «İnam» Plüralizm Mərkəzi, Multimedia İnformasiyalar Sistemi və Texnologiyaları Mərkəzi, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Mətbuat Şurası İdarə Heyətinin üzvü Umud Rəhimoğlu və KASKFEN-nin sədri Azər Həsrət tərəfindən təsis edilib.
Koalisiyanın müşahidə aparacağı seçki dairələri Azərbaycanın altı bölgəsini - Qarabağ, Aran, Gəncəbasar, Şimal, Cənub və Bakını əhatə edəcək.
Koalisiyanın prezident seçkisilə bağlı ilkin rəyi oktyabrın 16 - da açıqlanacaq.
Məlumatda o da bildirilib ki, «Seçki 2008» QHT Koalisiyasının üzvləri seçkiöncəsi vəziyyətlə tanış olmaq üçün Bərdə, Goranboy, Gəncə, Tovuz və Qazaxa səfər ediblər. Koalisiya üzvləri seçki məntəqələrində seçici siyahıları ilə tanış olublar. Bəzi qaçqın düşərgələrinə yaxın məntəqələrdə siyahıların dəqiqləşdirilməsi prosesində problemlər üzə çıxarılıb. /Trend/