
Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) Mərkəzi Komitəsi Bürosunun sabiq üzvü, partiyanın keçmiş ideologiya katibi Elşən Manafov Azərbaycan Demokratik Sol Partiyasının (ADSP) Təşəbbüs Qrupunu yaradıb. Bu barədə APA-ya E. Manafov məlumat verib. O bildirib ki, prezident seçkisindən sonra təşkilat komitəsi formalaşdırılacaq: “Partiyanın proqramı üzərində iş gedir. Çalışırıq ki, partiyanın sənədlərində beynəlxalq təcrübə nəzərə alınsın”. E. Manafovun sözlərinə görə, Təşəbbüs Qrupunda ASDP üzvləri də var: “ASDP-yə mənə görə üzv olanlar bu partiyanı tərk edəcəklər”. E. Manafov digər sol təmayüllü partiyalarla danışıqlar apardıqlarını da söyləyib: “Danışıqlar apardığım partiyalar arasında iqtidaryönümlü partiyaların toplaşdığı Məşvərət Məclisində təmsil olunan qurumlar da var”./APA/