
Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) prezidentliyə namizədi, hazırkı dövlət başçısı İlham Əliyevin seçki fondunu yaradıb. «Hazırda seçki fonduna könüllü vəsaitin daxil olması prosesi gedir», - bu barədə cümə günü jurnalistlərə YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı bildirib.
Qurbanlı fonda toplanan vəsaitin miqdarı barədə məlumat verməyib.
Hakim partiyanın seçki təbliğatına nə qədər pul xərclənəcəyinə gəldikdə, Qurbanlı qeyd edib ki, aparacaqları təbliğatın kökündə maddi vəsait dayanmır: «YAP-ın 450 min üzvü var və biz çox vəsait xərcləmədən kampaniyanı qura biləcəyik. Bizim hər bir üzvümüzün təbliğatçı rolunda çıxış etməsi kifayət qədər işdir. Hər bir partiya üzvünü və onun ailə üzvlərini hərəkətə gətirsək, bu, milyon yarım Azərbaycan vətəndaşı deməkdir». /Trend/