
Sentyabrın 16-17-də Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) seçkiqabağı missiyası Bakıda səfərdə olacaq.
Missiyanın rəhbəri, AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel APA-ya bildirib ki, missiya AŞ PA-nın bütün siyasi qruplarını təmsil edən 6 nəfərdən ibarət olacaq. Azərbaycanda seçkiqabağı mühiti öyrənmək məqsədilə avropalı deputatlar prezidentliyə namizədlər, Mərkəzi Seçki Komissiyası rəhbərliyi, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlər keçirəcəklər.
Proqrama əsasən, seçkilərdə iştirak edəcək partiyaların təmsilçiləri ilə görüşəcəklərini deyən A. Herkel boykot qərarı verənlərlə da bir araya gəlmək istədiyini qeyd edib: “Onların mövqeyi məni çox maraqlandırır, imkan olsa, onlarla da görüşmək istəyirəm”.
A. Herkelin sözlərinə görə, missiyanın regionlara səfəri nəzərdə tutulmasa da, seçkilər günü AŞ PA təmsilçiləri Azərbaycanın müxtəlif ərazisində müşahidə aparacaqlar.
Qeyd edək ki, 15 oktyabr prezident seçkilərini AŞ PA-nın 30 nəfərdən ibarət müşahidə missiyası izləyəcək. /APA/