
Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının (YAP) prezident seçkisinə hazırlıqla əlaqədar, bazar ertəsi ümumrespublika müşavirəsi keçirilib. Müşavirədə YAP sədrinin müavini, icra katibi Əli Əhmədov çıxış edərək prezident seçkilərinə hazırlıqla bağlı görülmüş işlər və seçki kampaniyasının təşviqat mərhələsində, müəyyən edilmiş proqrama uyğun olaraq, partiyanın rayon təşkilatlarının qarşısında duran vəzifələrdən danışıb. Bu barədə Trend News-a partiyanın mətbuat xidmətindən məlumat verilib.
Müşavirədə YAP-ın potensialının seçki kampaniyasının təşviqat mərhələsinin də yüksək səviyyədə həyata keçiriləcəyinə zəmanət verdiyi bildirilib. Təşviqat kampaniyasına hazırlıq, qarşıda duran vəzifələr, təşviqatın yeni metodları barədə geniş fikir mübadiləsi aparılıb.
Ümumrespublika müşavirəsində təşviqat kampaniyası ilə bağlı rayon (şəhər) təşkilat sədrlərinə lazımi tövsiyə və tapşırıqlar verilib. /Trend/