
Oktyabrın 15-də keçiriləcək prezident seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində yaradılmış mətbuat qrupunun ilk iclası keçirilib. APA-nın məlumatına görə, MSK üzvü Azər Tağıyev qrupun sədri seçilib. İclasda seçkilərin təbliğat-təşviqat mərhələsində atılacaq addımlarla bağlı məlumat verilib. A. Tağıyev bildirib ki, qrupun əsas məqsədi təbliğat-təşviqat kampaniyasının gedişində Seçki Məcəlləsinin tələblərinə necə əməl olunmasının, mətbuatda gedən reklamların və təbliğat materiallarının izlənməsidir. A. Tağıyev onu da qeyd edib ki, təbliğat-təşviqat kampaniyasında iştirak etmək üçün MSK-ya müraciət etməyən KİV-lər belə bir kampaniya apararlarsa, qanunda nəzərdə tutulan addımlar atılacaq. O, xarici KİV-lərin təbliğat kampaniyasında iştirak etmək hüququnun olmadığını qeyd edib. /APA/