
Prezidentliyə namizədlərin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etdikləri imzaların yoxlanması prosesi sentyabrın 15-nə kimi yekunlaşacaq. Bu barədə APA-ya seçki sənədlərinin yoxlanılması üçün MSK-da yaradılmış işçi qrupun üzvü İlham Məmmədov məlumat verib. İ. Məmmədov bu vaxta qədər iki namizədin imzalarının yoxlanıldığını və onların namizədliklərinin təsdiqləndiyini xatırladıb. Dörd namizədin imzalarının və digər seçki sənədlərinin yoxlanılması başa çatmaq üzrədir, digər 4 namizədlə bağlı iş isə yeni başlayıb. Seçici imzalarının yoxlanılmasında Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşları və Daxili İşlər Nazirliyinin Pasport Masa Qeydiyyatı İdarəsinin mütəxəssisləri də iştirak edirlər. Namizədin əmlakı, dövlətə borcları ilə bağlı Maliyyə və Vergilər nazirliklərinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə, Daxili İşlər Nazirliyinin Yol Polisi Xidmətinə sorğular göndərilir, namizəd tərəfindən təqdim edilən məlumatların düzgünlüyü yoxlanılır. İ. Məmmədov MSK-ya təqdim olunan imzalar içərisində saxtalaşdırma hallarının olduğunu da bildirib: “Toplanan imzaların ideallığından danışmaq olmaz. Əsas çatışmazlıqlar bir nəfərin bir neçə seçicinin yerinə imza atması, 18 yaşına çatmayanların imzaları, şəxsiyyət vəsiqələrində göstərilən nömrələrin düzgün qeyd olunmamasıdır”. /APA/