
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda prezident seçkilərinin gedişini izləyəcək missiyası fəaliyyətə başlayıb.
APA-nın məlumatına görə, bu gün missiyanın Bakıdakı qərargahının açılış mərasimi keçirilib. Qərargaha Sloveniya təmsilçisi Boris Frles rəhbərlik edəcək. Burada çalışacaq 40 müşahidəçi 23 ölkənin təmsilçiləridir. Onların 12-si əsas heyət üzvü, 28 əməkdaş isə uzunmüddətli missiyanın üzvləridir. İki qrupa ayrılacaq müşahidəçilər ölkənin müxtəlif regionlarında situasiyanı izləyəcəklər. Seçkilərə bir neçə gün qalmış seçki müşahidə missiyasına daha 450 müşahidəçi qoşulacaq. Tədbirdə çıxış edən B. Frles bildirib ki, missiya artıq Xarici İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyasında görüşlər keçirib. Bundan başqa missiya üzvləri bütün namizədlər və ictimai xadimlərlə görüşmək niyyətindədir. Seçki müşahidə missiyası sentyabrın üçüncü həftəsində ilk hesabatını açıqlayacaq, növbəti hesabatın açıqlanması isə oktyabrın əvvəllərinə nəzərdə tutulub. B. Frles bildirib ki, indiki mərhələdə mühüm aspektlərdən biri mətbuatın monitorinqinin aparılmasıdır: “Bizim vəzifəmiz – müşahidə etmək və müdaxilə etməməkdir. Biz yalnız müşahidə edir, hesabat hazırlayır və tövsiyələr veririk. Biz seçkilərin legitim olub-olmaması haqqında nəticə çıxarmırıq. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu AŞ PA-dan olan tərəfdaşları ilə birlikdə öz rəyini seçkilərdən bir gün sonra açıqlayacaq. Missiyanın fəaliyyətinə oktyabrın sonlarında xitam veriləcək, iki ay sonra isə yekun hesabatı açıqlayacağıq”./APA/