
Azərbaycanın «ELS» Müstəqil Araşdırmalar Mərkəzi avqust ayının birinci yarısında prezident seçkisi ilə əlaqədar, 6 min nəfər arasında keçirdiyi ekspress-rəy sorğusunun nəticələrini açıqlayıb. Mərkəzdən çərşənbə axşamı Trend News-a verilən məlumata əsasən, ekspress-sorğuda iştirak edənlərin 78,3%-i İlham Əliyevi yenidən ölkə prezidenti vəzifəsində görmək istədiklərini bildirib.
Sorğu keçirilənədək namizədliyini irəli sürən vətəndaşlar sırasında isə, 0,1% olmaqla, İqbal Ağazadənin və 0,5% başqalarının adları çəkilib. 11,3% respondent kimə səs verəcəyini gizli saxladığını, 9,8%- i hələ dəqiqləşdirmədiyini söyləyib.
Sorğu zamanı namizədliyin irəli sürülməsinə hələ imkan olduğunu nəzərə alıb, respondentlərdən namizədlər arasında daha kimi görmək istədikləri soruşulub. Sualı cavablandırarkən respondentlərin 2,8%-i İsa Qəmbəri, 1,5%-i Qənirə Paşayeva, 1,2%-i Lalə Şövkət Hacıyeva, 1,0%-i Vəfa Quluzadə və başqalarının adlarını çəkib .
Azərbaycanda ictimai-siyasi vəziyyəti qiymətləndirən respondentlərin əksəriyyəti Azərbaycanda ictimai-siyasi vəziyyətin sabit olduğunu bildirib (91,7%). Rəyi soruşulanların yalnız 5,9%-i mövcud vəziyyəti qeyri-sabit hesab edib, 2,4%-i isə vəziyyəti qiymətləndirə bilməyib.
Ekspress-sorğuda respondentlərin 88,9%-i isə, səsvermədə iştirak edəcəyini, 5,0%-i iştirak etməyəcəyini, 6,1%-i isə seçkidə iştirakını hələ dəqiqləşdirmədiyini bildirib.
«Seçkilərin ədalətli keçiriləcəyinə inanırsınızmı?» sualına rəyi soruşulanların 70,9%-i inandığını, 20,0%-i inanmadığını deyib, 9,1%-i isə, cavab verməkdə çətinlik çəkiblər. /Trend/