
Avqustun 31-dən etibarən Azərbaycanda səsvermə hüququ olan vətəndaşlar dairə seçki komissiyalarından qeydiyyatdançıxma vəsiqələrini əldə edə bilərlər.
«Qanunvericiliyin tələblərinə görə, səsvermə gününə 45 gün qalmış istənilən qeydiyyatda olduğu DSK-ya müraciət edərək qeydiyyatdançıxma vəsiqəsini əldə edə bilər». Bunu şənbə günü Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov bildirib.
Qeydiyyatdançıxma vəsiqəsi vətəndaşlara yaşadığı və qeydiyyatdan keçmiş seçki dairəsindən kənarda - istənilən seçki məntəqəsində səsvermə hüququ verir.
Pənahov bildirib ki, Azərbaycanda səsvermə günü qeydiyyatdançıxma vəsiqələri daha çox tələbə və məcburi köçkünlərə lazım ola bilər. MSK sədri onlara müraciət edərək çağırıb ki, qeydiyyatdançıxma vəsiqələrini vaxtında əldə etsinlər.
/Trend/