
Azərbaycan prezidentliyinə iddialı, müxalif Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Qəzənfəroğlu hakimiyyətin onun imzatoplama kampaniyasına yardım göstərməsi barədə iddiaları qəbul etmir. «Hakimiyyət bizim imzatoplama kampaniyamıza niyə yardım etməlidir? Sadəcə olaraq, bəzi seçkidə iştirak etməyən müxalifət partiyaları bizim gücümüzü yaxşı bilirlər və bu səbəbdən belə məsələlərdə adımızı hallandırmaq, bizim işimizə kölgə salmağa cəhd etmək məcburiyyətində qalırlar»,- cümə günü Trend News-a Qəzənfəroğlu bildirib.
Bir sıra müxalif mətbu orqanlar namizədlərin imzatoplama kampaniyasına hakimiyyət tərəfindən kömək edildiyi iddia olunur.
Qəzənfəroğlu deyib ki, əksinə, hakimiyyət qurumları bir sıra hallarda imzatoplama kampaniyasına maneçilik törədirlər. «Biz imzaların toplanılmasını öz gücümüz hesabına həyata keçiririk. Ümumiyyətlə, biz prosesi tam şəffaf şəkildə həyata keçiririk. Bu işə qiyməti sonda MSK verəcək» - deyən Qəzənfəroğlunun sözlərinə görə, hələlik namizədliyinin qeydə alınması üçün 38 min imza toplanıb. «Əlavə olaraq, 6-7 min imza toplamağı planlaşdırırıq. Gələn həftə kampaniyanı başa vurub imzaları MSK-ya təqdim edəcəyik» - deyə o əlavə edib. /Trend/