
Azərbaycanın müxalifət partiyalarının Demokratik Seçki Mərkəzinin (DSM) formatının dəyişdirilməsi ilə bağlı müzakirələr təxirə salınıb. «DSM- də təmsil olunan partiyalarla məsləhətləşmələrdən sonra, toplantının gələn həftə keçirilməsi barədə razılıq əldə olunub», - deyə cümə günü Trend News- a DSM- də təmsil olunan Azadlıq partiyasının sədri Əhməd Oruc məlumat verib.
Bu ilin yanvarında yaradılan DSM - də doqquz müxalifət partiyası – Klassik Xalq Cəbhəsi Partiyası, Azadlıq, Milli-Demokrat, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Azərbaycan, Açıq Cəmiyyət, Təkamül və Yaşıllar Partiyası Demokratik Seçki Mərkəzinin yaradılması barədə qərar qəbul edib. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev və Yaşıllar Partiyasının sədri Mais Güləliyev prezidentliyə namizədliklərini irəli sürüblər. Mərkəzdə təmsil olunan digər yeddi partiya prezident seçkisində iştirak etməmək barədə qərar qəbul edib.
DSM- də təmsil olunan və prezident seçkisinə qatılmış partiyaların Mərkəzdən uzaqlaşdırılması və Mərkəzin gələcəkdə hansı formatda fəaliyyət göstərəcəyinə cümə günü aydınlıq gətiriləcəyi gözlənilirdi.
Orucun sözlərinə görə, DSM - də təmsil olunan və prezident seçkisində iştirak edən partiyalar imzatoplama kampaniyasının gərgin dövrünü yaşayır. «Kampaniya başa çatandan sonra DSM-in toplantısı keçiriləcək və formatın dəyişib - dəyişməyəcəyi müəyyənləşəcək», deyə o bildirib.
Onun bildirdiyinə görə, DSM - də təmsil olunan və seçkidə iştirak edən partiyaların Mərkəz qarşısında heç bir öhdəliyi yoxdur. «Həmin partiyaların seçkidə iştirak edəcəyi məlum idi və onlar heç bir öhdəliyi pozmayıblar», deyə Oruc bildirib.
Orucun sözlərinə görə, DSM-in formatının dəyişib - dəyişməyəcəyi ilə bağlı qabaqcadan fikir söyləmək çətindir. /Trend/