
“Partiyada Elşən Manafovu dəstəkləyən yeganə şəxs mən olmuşam, indiyə qədər də ona güldən ağır söz deyən olmayıb. Onu partiyada tutduğu vəzifələrə mən irəli çəkmişəm. Buna görə partiya fəalları baş verənlərdə məni də qınayırlar”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə deyib. A. Əlizadənin sözlərinə görə, hətta bir müddət öncə Elşən Manafovu partiyanın sədr müavini təyin etmək istəyində də olub: “Elşən Manafov Mərkəzi Komitənin plenumunda dedi ki, biz seçkidə iştirak etmək üçün lazım olacaq maliyyə vəsaitinə görə iqtidara müraciət etməliyik. Etirazımı bildirdim və bu fikri qeyri-ciddi adlandırdım. O isə dedi ki, guya mən partiyanın inkişafının qarşısını alıram. Sonra etiraz etdi və bildirdi ki, partiyada tutduğu bütün vəzifələrdən istefa verir, ancaq başqa yerdə yava-yava danışmayacaq. Lakin sabahısı gün hamıya bu barədə məlumat verdi”.
A. Əlizadə deyib ki, partiyada Ayaz Mütəllibova qarşı kampaniya aparılması haqda deyilənlər də həqiqətə uyğun deyil. Onun sözlərinə görə, ASDP Mərkəzi Komitəsinin Siyasi Bürosunun 18 üzvündən 8-i A. Mütəllibov 2003-cü ildə ASDP-yə gələndən sonra partiyaya üzv olub: “Elşən Manafov özünə sərf edəndə Ayazçı olur. Adam partiyadan gedəndə kişi kimi gedər”.
O, E. Manafovun partiyadan çıxarılması haqda məsələnin müzakirə mövzusu olmadığını da qeyd edib: “Partiyadan çıxarılması mənim tərəfimdən müzakirə mövzusu deyil. Məni maraqlandırır ki, o qurultayda gəlib nə deyəcək? Onsuz da qurultayda onu heç kim dəstəkləməyəcək. Mərkəzi Komitənin üzvləri ondan çox inciyiblər. Çünki onları təhqir edərək, səviyyəsiz və savadsız adlandırıb”.
ASDP Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Elşən Manafov isə APA-ya deyib ki, plenumda qəbul olunan qərar siyasi reallıqları əks etdirmədiyindən partiyanın nüfuzuna xələl gətirib. Onun sözlərinə görə, partiyanın sosial bazasını genişləndirmək və etibarını qazanmaq üçün seçkidə iştirak vacibdir: “Mənim iradlarım şəxsi xarakter daşımır və partiyanın fəaliyyəti ilə bağlıdır. Araz Əlizadə mənim göz-qaşıma görə partiya sıralarında irəli çəkməyib. Partiyanın təməlinin qorunmasında mənim də əməyim olub. Mən mətbuatda dediklərimi partiyanın qurultayında da açıqlayacağam. Yenə də deyirəm ki, ASDP-də ciddi islahatlara ehtiyac var”./APA/