 Bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” sərəncamının icrası ilə əlaqədar dairə seçki komissiyalarının (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam etdirilib. Kursların dördüncü günündə respublika baş prokurorunun birinci müavini Rüstəm Usubov “Seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik sistemi və məsuliyyət növləri” mövzusunda məruzə ilə çıxış edib, DSK sədrlərinə tövsiyələrini verib. R. Usubov bildirib ki, 2005-ci ildə keçirilmiş parlament seçkilərində prokurorluq orqanları tərəfindən 20 cinayət işi qaldırılıb: “Məncə bu, çoxdur. Cinayət işləri ona görə qaldırılmışdı ki, dairə və məntəqə seçki komissiyalarının üzvləri səhvlərə yol vermişdilər. Bunlar protokolların bəlasıdır. Protokolları düzgün doldurun, hər gələn adama protokol verməyin”. Qeyd edək ki, avqustun 23-də başlanmış kursların sonunda DSK sədrlərinə sertifikatlar təqdim ediləcək. Layihənin növbəti mərhələsi olaraq sentyabrın 1-dən 3-dək dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçiriləcək. APA
|