 Azərbaycanın hakim partiyası hesab edir ki, referendumla bağlı qeydiyyatdan keçən müxalif qüvvələrin təsis etdikləri təşviqat qrupları təbliğat kampaniyası zamanı qanunun tələblərinə əməl etməlidir. “Qanuna müvafiq olaraq, Bakının 11 rayonunun hər birində təbliğat kampaniyası zamanı açıq və qapalı tədbirlərin keçirilməsi üçün müvafiq yerlər ayrılıb. Müxalifətin hər hansı tədir keçirməsi üçün digər yerləri tələb etməsi qanunlara hörmətsizlikdir” - Trend News-un məlumatına görə, çərşənbə günü hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, “Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Siyavuş Novruzov bildirib. Təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına start veriblər. Referendumla bağlı qəbul olunmuş təqvim planına əsasən, təbliğat kampaniyası martın 16-da saat 24:00-da başa çatdırılmalıdır.Azərbaycan hökuməti referendumla bağlı görüş keçirmək üçün qapalı və açıq yerləri müəyyən edib. Həmin siyahıda mərkəzi meydanlar və qapalı yerlər göstərilməyib. Müxalifət partiyaları şəhərin mərkəzi meydanlarında təbliğat aparmaq istəyir. Novruzovun sözlərinə görə, kütləvi aksiyaların keçirilməsi həm “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunla, həm də Seçki Məcəlləsi ilə tənzimlənir. “Referendumla bağlı təbliğat aparmaq üçün istər paytaxtda, istərsə də bölgələrdə kifayət qədər yer ayrılıb. Müxalifət heç bir bəhanə axtarmadan müvafiq yerlərdə öz tədbirlərini keçirə bilər”, - YAP funksioneri əlavə edib. /Trend/
|