
Azərbaycandakı prezident seçkisi ilə bağlı beynəlxalq təşkilatların növbəti hesabatlarındakı bəzi nöqsanlar seçkinin demokratikliyinə kölgə sala bilməz.
«Ola bilsin ki, beynəlxalq təşkilatların müşahidəçiləri bəzi seçki məntəqələrində pozuntular müşahidə ediblər. Nöqsanlı məqamlar seçkinin demokratikliyinə, şəffaflığına və ədalətliyinə heç bir şübhə yarada bilməz», - deyə hakim Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov çərşənbə günü jurnalistlərə bildirib.
Əhmədovun sözlərinə görə, Azərbaycanda keçirilmiş prezident seçkisini müşahidə etmiş beynəlxalq təşkilatlar seçkiyə bütövlükdə yüksək qiymət veriblər.
Azərbaycanda prezident seçkisini müşahidə etmiş MDB, GUAM, ATƏT və bir sıra beynəlxalq təşkilatlar seçkinin demokratik keçməsi ilə bağlı ilkin bəyanatlar verib. ATƏT seçkinin nəticələrinə dair yekun hesabatını yaxın vaxtlarda açıqlayacaq. /Trend/