|
Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanıb
|
 Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən nəşr edilmiş seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması prosesi başlayıb. MSK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq bülletenlərin DSK-lara paylanması prosesi səsverməyə 5 gün qalana kimi yekunlaşmalıdır. Səsverməyə 3 gün qalana qədər isə bülletenlər DSK-lar tərəfindən məntəqə seçki komissiyalarına paylanacaq. Qeyd edək ki, prezidentliyə 7 namizəd var. Namizədlərin adları bülletenlərə soyadlarının əlifba sırası ilə yazılıb. /APA/
|
 Ətraflı
|
|
Prezidentliyə namizəd Qulamhüseyn Əlibəyli Gəncədə seçicilərlə görüşüb
|
 Prezidentliyə bitərəf namizəd Qulamhüseyn Əlibəyli Gəncədə seçicilərlə görüş keçirib. Namizədin seçki qərargahından APA-ya daxil olan məlumata görə, görüşdə namizədin vəkili Etibar Allahverdiyev Q. Əlibəylinin həyat və fəaliyyəti, Milli Azadlıq Hərəkatında iştirakı, millət vəkili kimi fəaliyyəti barədə seçicilərə geniş məlumat verib. Q. Əlibəyli isə çıxışında öz seçki platforması barədə məlumat verib, əhalinin sosial vəziyyəti, insan haqları, demokratik problemlər, hüquq bərabərliyi və digər sahələrdə olan problemlərdən danışıb, bu vəziyyətdən çıxış yollarına toxunub. Q. Əlibəyli hər zaman siyasi qüvvələrin seçkilərdə iştirakına tərəfdar olduğunu, məhz buna görə seçkilərə qatılmaq qərarı verdiyini bildirib. O, seçkidən başqa hakimiyyət məsələsini həll edə biləcək vasitənin olmadığını vurğulayıb: “Keçdiyim yol Azərbaycan dövlətinin idarə olunmasında iştirakıma imkan verir. Ona görə də, bu hüquqdan istifadə etməyə çalışıram. Məqsədimə nə dərəcədə nail olacağım isə mənə səs vermək istəyən seçicilərdən və təbii ki, hakimiyyətin seçkini necə yekunlaşdırmaq istəyindən asılıdır”. Q. Əlibəylinin sözlərinə görə, bu gün Azərbaycanın problemləri çox olsa da, başlıca problem Qarabağ məsələsidir. O, Azərbaycan hakimiyyətinin Qarabağ məsələsində güzəştli mövqe tutduğunu bildirib və ümumilikdə Minsk Qrupundan imtina edilməsinin vacib olduğunu qeyd edib. Prezidentliyə namizəd bildirib ki, Azərbaycanda sosial problemlər kifayət qədərdir, əhali çətin vəziyyətdə yaşayır. O, həkimlərin, müəllimlərin əməkhaqlarının artırılmasının vacib olduğunu bildirib. Bundan əlavə Q. Əlibəyli Azərbaycanda idarəetmə mexanizminin düzgün təşkil olunmadığını qeyd edib: “Prezident seçilsəm, ilk addım kimi prezidentin səlahiyyətlərini referendum yolu ilə xeyli məhdudlaşdırmağa çalışacağam”. /APA/
|
 Ətraflı
|
|
MDB müşahidə missiyası prezident seçkiləri ilə bağlı aralıq hesabatını açıqlayıb
|
 Müstəqil Dövlətlər Birliyinin (MDB) oktyabrın 15-də keçiriləcək prezident seçkilərini izləyəcək missiyası 389 nəfərdən ibarət olacaq. APA-nın məlumatına görə, bu barədə missiyanın qərargah rəhbəri Yevgeni Sloboda bu gün missiyanın hazırladığı aralıq hesabatını təqdim edərkən deyib. O bildirib ki, müşahidəçilər MDB-yə daxil olan ölkələrin parlamentlərinin üzvləri, Mərkəzi Seçki komissiyalarının nümayəndələri, diplomatik korpusun, MDB İcraiyyə Komitəsi və MDB Parlamentlərarası Assambleyasının üzvüdürlər. Müşahidəçilərdən 23-nün uzunmüddətli olduğunu deyən Y. Slobodanın sözlərinə görə, Naxçıvan, Gəncə, Xaçmaz və Lənkəranda qərargahın nümayəndəlikləri açılacaq. Müşahidəçilərin sayının yetərincə olduğunu söyləyən Y. Sloboda bildirib ki, bütün regionlarda müşahidə aparılacaq, müşahidəçilər seçki gününə 2-3 gün qalmış yerlərə gedəcəklər: “Bizim müşahidəçilər seçkilər başlayandan bitənədək seçki məntəqələrində olacaq, səslərin hesablanması prosesində iştirak edəcəklər”. Qərargah rəhbəri MDB müşahidə missiyasının rəhbəri, MDB icra katibi Sergey Lebedevin Azərbaycana seçkiyə bir neçə gün qalmış gələcəyini, bir neçə regiona səfər edəcəyini, seçki günü ATƏT-in müşahidə missiyasının rəhbəri Boris Fırleslə görüşəcəyini, Bakıda bir neçə seçki məntəqəsində seçkiləri izləyəcəyini vurğulayıb. Sonra Y. Sloboda hazırladıqları aralıq hesabatı açıqlayıb. Hesabatda bildirilir ki, ölkədə seçkilərin azad, şəffaf və demokratik keçirilməsi üçün bütün şərait yaradılıb, seçki kampaniyası sakit keçir, dairə və məntəqə seçki komissiyalarında ciddi qanun pozuntuları qeydə alınmayıb, təbliğat kampaniyası aparmaq üçün namizədlərə bərabər şərait yaradılıb. /APA/
|
 Ətraflı
|
|
Piter Semnebi müxalifət təmsilçiləri ilə görüşüb
|
 Azərbaycanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Piter Semnebi bu gün bir neçə müxalifət partiyasının liderləri ilə görüş keçirib. BQp mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə prezidentliyə namizəd Fazil Qəzənfəroğlu, AXCP sədri Əli Kərimli, Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov və Ümid Partiyasının sədr müavini Ənvər Ağazadə iştirak ediblər. Seçki kampaniyasının gedişi ilə bağlı qonağa məlumat verən Fazil Qəzənfəroğlu bir neçə rayonda seçicilərlə görüş keçirdiyini bildirib. O, təbliğat kampaniyasını “qapı-qapı” deyil, “beyin-beyin” prinsipi ilə apardığını qeyd edib. Prezidentliyə namizəd ölkədə demokratikləşmə problemlərinə də toxunub, bu seçkilərin Azərbaycanda demokratikləşmə prosesinə müsbət təsir edəcəyinə inandığını vurğulayıb. Daha sonra jurnalistlərə açıqlamasında Piter Semnebi bildirib ki, “Seçkilər ölkənin demokratiyaya doğru konsolidasiyası üçün vacib addımdır”. O, Azərbaycandakı seçkiqabağı durumun həddən artıq sakit olduğunu bildirib. Gürcüstandakı vəziyyətə toxunan P. Semnebi bunun Dağlıq Qarabağ münaqişəsinə də təsir göstərdiyini söyləyib: “Bu cür durum özündə potensial təhlükə ehtiva edir”. Türkiyənin bölgədə oynadığı roldan danışan AB təmsilçisinin fikrincə, bu ölkə Cənubi Qafqazdakı münaqişələrin həllində iştirak edə bilər: “Əvvəllər biz Türkiyənin hansı rol oynaya biləcəyini dərk etmirdik. Bunu indilərdə dərk etmişik”. /APA/
|
 Ətraflı
|
|
İlham Əliyevin bir sıra şəhər və rayonda seçicilərlə görüşü keçirilib
|
 Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin seçki kampaniyası çərçivəsində oktyabrın 6-da ölkənin bir sıra şəhər, rayon və kəndlərində seçicilərlə görüşlər keçirilib. YAP-ın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bu gün İ. Əliyevin vəkilləri, elm, mədəniyyət və ictimai xadimlərindən təşkil olunmuş təbliğat-təşviqat qrupunun üzvləri Biləsuvar, Qəbələ, Siyəzən, Ucar, Ağcabədi, Ağsu, Ağstafa, Qax, Xızı, Yasamal, Binəqədi, Nərimanov, Suraxanı, Qaradağ, Abşeron rayonlarında və Sumqayıt şəhərində mitinq-görüşlər keçiriblər. Mitinq-görüşlərdə İ. Əliyevin səlahiyyətli nümayəndəsi, YAP sədrinin müavini Əli Əhmədov, prezidentliyə namizədin vəkilləri - deputatlar Fəttah Heydərov, Mixail Zabelin, Mirkazım Kazımov, İmamverdi İsmayılov, Əhəd Abıyev, Rəbiyyət Aslanova, Ağacan Abıyev və digər şəxslər iştirak ediblər. /APA/
|
 Ətraflı
|
|
ATƏT-in müşahidə missiyası seçkilərlə bağlı ikinci hesabatını açıqlayıb
|
 ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycanda seçkiləri missiyası ikinci hesabatını açıqlayıb. APA-nın məlumatına görə, hesabatda bildirilir ki, ölkədə seçkiqabağı atmosfer sakitdir: “Seçkilərə ictimai maraq azdır, buna səbəb parlaq rəqabətin olmamasıdır. Seçkilər ərəfəsində yalnız Yeni Azərbaycan Partiyası aktiv kampaniya aparır. Digər namizədlər də təbliğat kampaniyası aparsa da, bu proses aktiv deyil”. Hesabatda qeyd olunub ki, paytaxt rəhbərliyi “Sərbəst toplaşmaq azadlığı haqqında qanun”u əsas gətirərək seçkiləri boykot edən müxalifət partiyalarına Bakının mərkəzində mitinq keçirməyə icazə verməyib: MSK seçkilərə aktiv şəkildə hazırlaşır. Mərkəzi Seçki Komissiyası seçki prosesini daha şəffaf təşkil etmək üçün veb-kameralar quraşdırmağı planlaşdırır. İctimai Televiziya ilə keçirilən mütəmadi debatlar bütün namizədlərə öz platformalarını təqdim etmək imkanı yaradır”. /APA/
|
 Ətraflı
|
|
Prezidentliyə namizəd İlham Əliyevin vəkilləri Göyçayda seçicilərlə görüşüblər
|
 Dünən Göyçayda Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi İlham Əliyevin vəkillərinin seçicilərlə görüşü keçirilib. APA-nın Aran bürosunun məlumatına görə, Göyçay şəhər stadionunda keçirilən görüşdə İlham Əliyevin vəkilləri - Milli Məclis üzvləri Şəmsəddin Hacıyev, Elton Məmmədov, Sabir Hacıyev və “İrəli” Gənclər Hərəkatının sədri Ceyhun Osmanlı iştirak edib. Görüşdən sonra incəsənət ustalarının iştirakı ilə konsert proqramı olub. İlham Əliyevin vəkilləri Göyçay rayonunun bir sıra kəndlərində də seçicilərlə görüşüblər. /APA/
|
 Ətraflı
|
|
Qanunvericilik bazası prezident seçkilərinin demokratik keçirilməsinə hər cür imkan verir
|
 Milli Məclisin sədri Oqtay Əsədov ATƏT-in Seçkiləri müşahidə missiyasının rəhbəri Boris Frlesi qəbul edib. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə O. Əsədov Avropa dəyərlərindən bəhrələnən Azərbaycanda qanunvericilik sistemin dünya standartları səviyyəsinə yüksəltmək üçün məqsədyönlü iş aparıldığını deyib. Spiker Azərbaycanda növbəti prezident seçkilərinin demokratik, şəffaf, ədalətli keçirilməsi üçün müvafiq işlərin görüldüyünü, Seçki Məcəlləsinə və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna dəyişikliklər edildiyini bildirib. B. Frles Seçki Məcəlləsinə və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna edilmiş dəyişiklikləri müsbət dəyərləndirib: “Azərbaycanın bugünkü qanunvericilik bazası prezident seçkilərinin demokratik keçirilməsinə hər cür imkan verir”. O, ümidvar olduğunu bildirib ki, Azərbaycandakı prezident seçkiləri azad, şəffaf və demokratik şəraitdə keçiriləcək. /APA/
|
 Ətraflı
|
|