
Aydınlar Partiyasının Təsis Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri, prezidentliyə namizəd Qulamhüseyn Əlibəylinin APA-ya müsahibəsi:
- Seçkilərin təbliğat-təşviqat kampaniyasının gedişi sizi qane edirmi?
- Ümumi şəkildə götürdükdə kampaniyanın gedişini normal hesab edirəm. Ona görə ki, bizim kampaniyamız daha çox təbliğat xarakterli məsələlərə həsr olunub. Təbliğat prosesinin gedişi mənim üçün kifayət qədər normaldır. İctimai televiziyada çıxışlarım olur. Əslində, hesab edirəm ki, debat adlanan bu format düzgün təşkil olunmayıb. Bu debat deyil, sadəcə namizədlərin çıxışlarıdır. Seçicilərlə görüşlərdə yerli əhəmiyyətli xırda maneələr olur. Məsələn seçicilərlə görüşlər üçün daha uzaq, bəzən də şəraiti olmayan yerlər ayrılır. Məsələn, Lənkəranda biz belə bir hadisə ilə üzləşdik. Bəzi hallarda texniki səbəblərdən görüşlərin keçirilməsinə mane olmasalar da, görüşün vaxtını dəyişirlər. Biz Şəmkirdə oktyabrın 5-də görüş keçirməyi nəzərdə tutmuşduq, icra hakimiyyəti də həmin gün yer ayıracağına söz vermişdi, sonradan görüşün vaxtını ayın 6-na dəyişdiriblər. Bu cür xırda problemlər olar. Əslində, mən bu problemlərə o qədər də ciddi əhəmiyyət vermirəm. Amma problemlərə baxmayaraq, ümumi proses qənaətbəxşdir. Bununla belə müəyyən məsələlərə diqqəti cəlb etmək istəyirəm. Bu, namizədlərin imkanlarının bərabər olmaması məsələsidir. Amma əvvəlki seçkilərə baxanda bu kampaniyanın gedişi normaldır. Yəni, indi seçki kampaniyasının gedişində müəyyən qədər yumşalma var, ciddi maneələr yoxdur. Əvvəlki seçkilərdə ciddi polis maneələri olurdu, seçicilərlə görüşlər polis vasitəsilə dağıdırdılar. Amma indi bir qədər sivil üsullara keçiblər, yeri, şəraiti bir qədər pisləşdirirlər. İndiki addımlar qüvvədə olan qanunvericiliyə daha uyğun gəlir.
- Qanuna əsasən, seçki təbliğatı üçün 28 gün müddət nəzərdə tutulub. Bu müddətdə normal təbliğat aparmaq mümkündür?
- Xeyr. Təbliğat üçün ayrılan müddət çox azdır. Bu müddət bəlkə də parlament seçkiləri üçün kifayət edər, çünki bu zaman bir dairə ərazisində təbliğat aparılır. Bələdiyyə seçkiləri üçün bu normadan da artıq müddətdir. 28 gün müddətində bütün regionları əhatə etmək mümkün deyil. Ona görə də seçki qanunvericiliyi dəyişdirilərsə, bu nəzərə alınmalıdır, referendum və prezident seçkilərinin təbliğatı üçün bir vaxt, digərləri üçün başqa vaxt müəyyənləşməlidir. Amma biz ayrılan müddət ərzində bütün seçki dairələrində təbliğat kampaniyası aparmağa müəyyən qədər nail olmuşuq. Düzdür, seçki kampaniyası çox sakit getdiyi üçün kənardan bu, passivlik kimi qiymətləndirilir. Həqiqətən də Azərbaycan cəmiyyətində seçkilərdə iştirak məsələsində passivlik var. Bu passivlik həmişə olub. Tərəfdarları seçkiyə cəlb etmək yolu ilə bu passivliyi müəyyən qədər aradan qaldırmaq mümkün olur. Mən hesab edirəm ki, tam olmasa da, tərəfdarlarımızı müəyyən qədər prosesə cəlb edə bilmişik.
- Digər müxalifət partiyaları prosesdə iştirak etsəydilər, bu aktivlik yarada bilərdimi?
- Güman edirəm ki, müəyyən qədər aktivlik arta bilərdi. Çünki həmin partiyaların da tərəfdarları var, həmin tərəfdarlar da prosesə cəlb olunacaqdılar. Bu baxımdan boykot taktikasını seçən partiyalar seçkiyə qoşulsaydı, aktivlik olacaqdı.
- Seçkilərin sakit məcrada keçdiyinə görə sevinməyə dəyərmi?
- Əslində, bəli hesab edirəm ki, seçki prosesi belə olmalıdır. Hələ bundan da sakit şəraitdə keçməlidir. Hər bir insanın öz sözünü demək, təbliğatını aparmaq imkanı olmalıdır. Polis isə proseslərə qarışmamalıdır. Ona görə də bir balaca sevinmək olar ki, əvvəlki illərə nisbətən proses sakit keçir.
- Namizədliyinizi irəli sürəndə təşkilatınız yox idi və prosesə bitərəf namizəd kimi qoşuldunuz. Bu, sizə problemlər yaratdımı?
- Təbii ki, müəyyən problemlər yarandı. Baxmayaraq ki, bəzi qəzetlərdə yazılır ki, guya mən imzaları 5 gün müddətinə toplamışam. Bu, düz deyil. Mən imzatoplama kampaniyasını 20 günə başa çatdırdım. Yəni təşkilati strukturlar olmadığına görə, bu proses uzun çəkdi. Amma müəyyən yaxın adamlar var, rayonlarda fəallar var. Bunlardan başqa bəzi partiyaların nümayəndələri də mənə kömək edirlər. Bunu açıq şəkildə deyirəm, onlar mənə həm imza toplama, həm də təbliğat-təşviqat kampaniyasında kömək ediblər.
- Sonrakı mərhələdə necə, həmin şəxslər sizə kömək edəcəklər?
- Sonrakı mərhələ partiya quruculuğu ilə bağlıdır. Təbii ki, onların bir hissəsi artıq bu prosesə qoşulacaqlarını açıq şəkildə bildiriblər. Amma başqa partiyanın üzvləri sadəcə seçki kampaniyasında mənə kömək etmək istədiklərini bildiriblər.
- Siz Aydınlar Partiyasını yaratmaq qərarı vermisiniz. Nəyə görə partiyanın adını tam fərqli seçdiniz?
- Biz bir neçə variant üzərində fikirləşdik. Bunların içərisində standart variantlar da vardı, bir neçə sözdən ibarət adlar da vardı. Amma biz qısa və şablondan uzaq olan varianta üstünlük verdik. Aydın sözünün mənası təkcə ziyalı demək deyil. Aydın - yol göstərən, işıqlığa çıxaran, aparıcı mənalarını verən sözdür. Biz də hesab etdik ki, Azərbaycanda bir aydınlığa çıxma mərhələsi olmalıdır. Buna görə də öz ətrafımıza yol göstərə bilən adamları toplamağa çalışacağıq.
- Hansı şablondan qaçmağa çalışdınız?
- Məsələn “Demokratik Azərbaycan” və ardınca daha bir neçə söz olan partiya adları. Demokratik Azərbaycan Xalq Cəbhəsi Partiyası, Demokratik Dünya Partiyası və digər çoxlu variantlar vardı. Amma hesab edirəm ki, partiyanın adında dövlətlə bağlı müddəaların olması düzgün deyil. Təbii ki mənim keçmiş partiyamın da adında Azərbaycanın adı vardı. Amma düşünürəm ki, dövlətin atributlarından istifadə etmək düzgün deyil. Amma bunu qanun da qadağan etmir. Və yaxud təmtəraqlı adlar da seçmək istəmədik.
- Amma siyasi partiyanın adında siyasi çaların olması da qəribə deyil…
- Aydın sözünün özündə də siyasi çalar var. Bu söz bütünlüklə mənəvi bir çalar ifadə etmir.
- Partiya yaradanda uzun müddət fəaliyyət göstərdiyiniz Xalq Cəbhəsi adından da imtina etdiniz. Bu, çətin olmadı ki?
- Yox. Bəri başdan deyim ki, o zaman mənim iki prinsipim vardı. Onlardan biri keçmişə hörmətlə yanaşıb keçmişi təftiş etməmək idi. Mən AXCP-də 20 ilə yaxın dövr keçmişəm, partiyanın rəhbərliyində olmuşam. Hesab edirəm ki, bu partiya Azərbaycan xalqı üçün xeyli işlər görüb. Müəyyən fikirlərə, fikir ayrılıqlara görə partiyanı tərk etdim. Bu o demək deyil ki mən həmin addan istifadə etməli idim. Həmin adda partiya var və mən həmin adın təkrar olunmasını istəmədim. Bu, mənim keçmişimdir və həmin keçmişə görə xəcalət çəkmirəm. Gələcəyə, aydınlığa baxmaq lazımdır. İkinci prinsipim də ondan ibarət idi ki, bu addımıma müxtəlif şərhlər veriləcək. Bəyənən də olacaq, bəyənməyən də, tənqid və hətta daha çox təhqir edən olacaq. Çünki Azərbaycanın siyasi elitasının davranışı mənə məlumdur. Ona görə də bildirmişdim ki, haqqımda deyilənlərə heç bir reaksiya verməyəcəyəm. Bundan sonra da belə olacaq. İndi keçmiş partiyadaşlarım da mənim haqqımda yazırlar, yazdırırlar.
- Partiyadan istefadan sonra keçmiş sədriniz Əli Kərimli ilə hər hansı ünsiyyətiniz olubmu?
- Xeyr. Bu addımımdan sonra heç bir əlaqəmiz olmayıb. Nə telefon əlaqəsi olub, nə görüşmüşük, nə də rastlaşmışıq. Ən azından mənim siyasi xəttimlə, AXCP-nin, Əli Kərimlinin siyasi xətti kökündən fərqlənir. Və yəqin ki, seçki prosesi dövründə də hər hansı əlaqələrin olması mümkün deyil.
- Yeni partiyanızın mövqeyi nə olacaq?
- İndiki hakimiyyətə münasibətdə müxalifət partiyası olacağıq. Düzdür, bəzən deyirlər ki, müxalifət partiyası olmaq üçün kimsə arayış verməlidir. Azərbaycan cəmiyyətində bir neçə partiya var ki, o cümlədən mənim də vaxtilə təmsil olunduğum AXCP-də belə fikir var ki, müxalifətlik haqda arayışı məhz onlar verməlidirlər. Mən hesab edirəm ki, müxalifət öz dairəsini müəyyənləşdirə bilməz. Müxalifət dağınıq bir anlayışdır, vahid qüvvə deyil. Hakimiyyətə qarşı çıxan, hakimiyyətin siyasətini tənqid edən, hakimiyyətin dəyişməsinə çalışan istənilən şəxs və ya partiya müxalifətdir. O cümlədən hesab edirəm ki, hakimiyyət də özü-özünə müxalifət yarada bilməz. Biz hazırda hakimiyyətin siyasətini qəbul etmirik. Düzdür, müəyyən işlər görürlər, amma bunlar daha çox görüntü xarakteri daşıyan işlərdir. Ona görə də bizim mövqeyimiz müxalifətdir. İdeoloji baxımdan isə daha çox cəmiyyətin orta təbəqəsinə yönəlmiş sağ mərkəzçi mövqeyində olacağıq.
- AXCP-nin rəhbərliyində təmsil olunan şəxslərdən sizə qoşulan olacaqmı?
- Mənim belə bir fikrim var ki, partiyanı AXCP-nin və ya başqa bir partiyanın bazasında qurmayaq. Biz əsasən siyasi fəaliyyətlə məşğul olmayan, yaxud vaxtilə siyasətlə məşğul olub sonra kənara çəkilmiş insanların hesabına partiya yaradaq. Həmçinin partiyaya gəlmək istəyənlərin də qarşısını kəsməyəcəyik. Sadəcə baxacağıq ki, gələn şəxsin bizim partiyanın məramnaməsinə uyğun fəaliyyəti var, ya yox. Məxsusi olaraq çalışmayacağıq ki, hansısa partiyanın rəhbərliyindən kimsə bizə qoşulsun.
- Seçki platformanızda əsas müddəalar hansılardır?
- Burada daha çox idarəetmə islahatı ilə bağlı məsələlərə yer verilir. Yəni mən hesab edirəm ki, bir çox problemlər idarəetmənin düzgün təşkil olunmaması ilə bağlıdır. Ona görə də hakimiyyətin təşkili mexanizminin islah olunması ilə bağlı məsələlər var. Dağlıq Qarabağ problemi, insan haqlarının müdafiəsi mexanizmi, iqtisadi və sosial problemlərin həlli ilə bağlı təkliflər var. Seçki platformamda demək olar ki, cəmiyyətin bütün sahələri öz əksini tapıb. /APA/