
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahı rəhbəri Məhərrəm Zülfüqarlı “Media forum” saytına açıqlamasında Seçki Məcəlləsinə dəyişiklik layihəsinə münasibət bildirib. Yeni Azərbaycan Partiyasının hazırladığı layihə iyunun 9-da parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsindən keçib. Seçki Məcəlləsinə təklif edilən dəyişiklikdə seçki kampaniyasının, o cümlədən seçki təbliğatının müddətini azaltmaq, qeydə alınan namizədlərə dövlətdən 200 manat vəsait ayrılması qaydasını ləğv etmək nəzərdə tutulur. Sənəd iyunun 18-də parlamentin plenar iclasında müzakirə olunacaq.
Seçki eksperti müxtəlif dövlərdə Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin təklif olunduğunu xatırladıb: “Ümumi rəy belədir ki, məcəlləyə dəyişiklik edilməli, sənəd təkmilləşdirilməlidir. İyunun 9-da Milli Məclisin komitəsində müzakirəyə çıxarılan təkliflər Yeni Azərbaycan Partiyasının mövqeyidir və buna hörmətlə yanaşılmalıdır. Ancaq nə müxalifət nümayəndələri, nə müstəqil ekspertlər, nə beynəlxalq təşkilatlar təklifləri müsbət qarşılayır”.
AVCİYA nümayəndəsinin fikrincə, hakim partiya məcəlləyə özünə uyğun dəyişiklik təklifləri verir: “Təkliflərdən biri odur ki, təşviqat üçün dövlətdən ayrılan vəsait ləğv olunsun. Bəllidir ki, bütün namizədlər imkanlı olmur. İndiki dövr üçün vəsaitin ləğvini düzgün hesab etmirəm. Müxtəlif namizədlər var ki, parlamentə düşməyə layiqdir, lakin maddi imkanları çatmır. Hesab edirəm ki, bu yardımın davam eləməsi vacibdir”.
Seçki kampaniyası müddətinin azaldılması məsələsinə gəlincə, Məhərrəm Zülfüqarlı müddətin 75 günə endirilməsinin tənqid olunduğunu xatırladıb: “İndi müddəti 60 günə azaldılması birmənalı qarşılanmır. Lakin ümumilikdə götürdükdə, təklif irəli sürmək, onu Milli Məclisdə, ictimaiyyətdə müzakirəyə çıxarmaq müsbət haldır. Bu, ölkədə seçki texnologiyasının inkişafına təkan verir”.
Ekspert seçki texnologiyasında üç amilin əsas olduğunu vurğulayıb: “Vaxt, maddi pesurs və insan resursu. Bunları düzgün bölən namizəd uğur əldə edə bilir. Namizədlərin bir çoxu beynəlxalq texnologiyanı bilmir. Seyid öz cəddinə arxayın olan kimi ərazidə tanınmağına, nüfuzuna arxayın olur. Bu, doğru yanaşma deyil. Vaxt məsələsinə gəlincə, seçki texnologiyasını bilən namizəd üçün müddətin o tərəfə-bu tərəfə çəkilməsinin o qədər də önəmi yoxdur. Amma ümumilikdə seçki üçün vaxt bölgüsünün böyük əhəmiyyəti var. Bilirsiniz ki, proqram tutarkən seçki günündən geriyə doğru plan qurulur. Misal üçün, 7 noyabrda seçki olacaqsa, vaxt o gündən geri hesablanmalıdır - 6 noyabr, 5 noyabr və sairə. Elə olmayanda namizəd özünə vaxt çatdıra bilməz. Bu vaxtı bölmək çox çətindir. İndiki dövrdə kampaniya müddətinin azaldılmasını məqbul saymıram. Çünki hələ çoxları seçki texnologiyası ilə işləməyi bacarmır”.
Amma ümumilikdə seçki üçün vaxt bölgüsünün böyük əhəmiyyəti var. Bilirsiniz ki, proqram tutarkən seçki günündən geriyə doğru plan qurulur. Misal üçün, 7 noyabrda seçki olacaqsa, vaxt o gündən geri hesablanmalıdır - 6 noyabr, 5 noyabr və sairə. Elə olmayanda namizəd özünə vaxt çatdıra bilməz. Bu vaxtı bölmək çox çətindir. İndiki dövrdə kampaniya müddətinin azaldılmasını məqbul saymıram. Çünki hələ çoxları seçki texnologiyası ilə işləməyi bacarmır”./www.mediaform.az/