|
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi Seçki Məcəlləsinə hakim Yeni Azərbaycan Partiyasının təklif etdiyi dəyişiklik layihəsini plenar iclasın müzakirəsinə tövsiyə edib. Ağa Cəfərli Yada salaq ki, layihə komitənin iyunun 9-da keçirilən iclasında müzakirə olunub və parlamentin iyunun 18-də keçiriləcək iclasının gündəliyinə daxil edilib. Seçki Məcəlləsində iki dəyişiklik təklif olunur. Birinci dəyişikliyə əsasən, seçki kampaniyası müddəti 75 gündən 60 günə endiriləcək. İkinci dəyişikliklə qeydə alınan namizədlərə dövlətin 200 manat vəsait verməsi qaydası ləğv olunacaq. Seçki Məcəlləsinin dəyişdirilməsinə cəmiyyətdə birmənalı münasibət yoxdur. Xüsusilə radikal müxalifət partiyaları bunu hökumətin demokratiyadan imtina etməsi kimi dəyərləndirirlər. Müstəqil ekspertlər isə bir qədər fərqli fikirdədir. Onların qənaətincə, nəzərdə tutulan dəyişikliklər seçkinin taleyinə ciddi təsir göstərməyəcək. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiyasiyasının (AVCİYA) seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyir ki, narazılar özlərinə sərf edən təklifləri irəli sürür: "İndiyədək müxtəlif ictimai-siyasi qurumlar Seçki Məcəlləsilə bağlı təklif və tövsiyyələrini Milli Məclisə təqdim ediblər. AVCİYA olaraq biz də zaman-zaman Seçki Məcəlləsi ilə bağlı öz tövsiyyələrimizi vermişik, elə indi də öz təkliflərimizi parlamentə təqdim etmişik. Ümumiyyətlə, müsbət haldır ki, seçki qanunvericiliyin təkmilləşməsilə bağlı təşəbbüslər var. Buna baxmayaraq YAP-ın təklifləri birmənalı qarşılanmır. Mən də hesab edirəm ki, Azərbaycanın indiki vəziyyətində, xüsusilə də regionlarda daşqınların baş verdiyi dövrdə namizədlərə təşviqat üçün ayrılan pulun ləğvi doğru addım deyil. Ola bilsin ki, hakim partiyadan olan namizədlərin həmin məbləğə ehtiyacı yoxdur. Ancaq digər namizədlərin bu pula ehtiyacı var və bu məqam mütləq nəzərə alınmalıdır. Gələcəkdə bu addımı atmaq olardı, indiki dövrdə isə belə qərar vermək üçün bir az tezdir. Seçki kampaniyasının, təbliğat dövrünün müddətinin azaldılması da o qədər uğurlu addım deyil. Onsuz da kampaniya müddəti azaldılmışdı, tamamilə azaldılma isə ciddi narazlıqlar doğura bilər"./Xalq Cəbəesi qazeti/
|