|
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Universitet Təhsilli Qadınlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə iyulun 9-da Ağdaş rayonunda “Bələdiyyə seçkilərində qadınların fəallığının artırılması” mövzusunda regional seminar keçirilib. APA-nın yerli bürosunun xəbərinə görə, Ucar, Yevlax, Ağdaş, Bərdə, Tərtər və Zərdab rayonundan 150 qadın nümayəndənin iştirak etdiyi tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Universitet Təhsilli Qadınlar Cəmiyyətinin sədri Tamam Cəfərova çıxış edərək cəmiyyətin inkişafında qadınların əvəzsiz rolundan bəhs ediblər. Onlar ailədə, o cümlədən təhsildə, səhiyyədə, mədəniyyətdə, dövlət idarəçiliyində, qanun və qərarların qəbulunda, hətta idman hərəkatında da zərif cinsin nümayəndələrinin böyük nüfuz sahibi olduğunu bildiriblər. “Azərbaycanda əhalinin 51 faizini təşkil edən qadınlar bələdiyyə orqanlarında fəal iştirak etmirlər. Bu gün bələdiyyə üzvlərinin cəmi 4 faizini qadınlar təşkil edir. Bu isə qaneedici göstərici deyil. Ona görə də bu ilin dekabrında keçiriləcək bələdiyyə seçkilərində qadınların fəal olması, onların seçki prosesinə qatılması və seçib-seçilmək hüququndan istifadə etməsi zəruridir. Xatırladaq ki, bu mövzuda tədbir respublikanın artıq 4 bölgəsində keçirilib. /apa.az/
|