
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumata görə, iclasda 7 noyabr 2010-cu ildə Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb.
21 saylı Nəsimi I Seçki Dairəsinin namizədi Sərdar Cəlaloğlunun məntəqələrin fəaliyyətindən narazılığı ilə bağlı şikayəti əsassız sayılıb. 63 saylı Sabirabad I Seçki Dairəsində DSK üzvlərinin 8-9 noyabr tarixlərində yerlərində olmaması barədə bu dairədən namizəd olmuş Qiyas Sadıxovun şikayəti də əsassız hesab edilib. MSK katibi Natiq Məmmədov bildirib ki, bu şikayət poçt vasitəsi ilə göndərilə bilərdi.
N. Məmmədov 38 saylı Nizami II Seçki Dairəsindən namizəd olmuş Akif Hüseynovun seçkiqabağı təşviqatın qaydalarının pozulması barədə müraciətini isə gülünc sayıb: “Çünki məktubda müraciətin noyabrın 28-də göndərildiyi qeyd olunub. Bəziləri çaşdıqlarından müraciətlərinin tarixini az qala bir ay sonraya yazırlar”.
8 saylı Binəqədi I Seçki Dairəsindən namizəd olmuş Arzu Səmədbəyli DSK-nın iclasının yekun protokolunun ona verilməməsi ilə bağlı MSK-ya şikayət edib. MSK katibi Natiq Məmmədov deyib ki, araşdırma zamanı protokolun namizədlərə verildiyi məlum olub.
MSK sədri Məzahir Pənahov isə belə müraciətlərin əsassız olduğunu bildirib.
MSK üzvü Gülağa Aslanlı deyib ki, DSK-ların heç biri noyabrın 8-9-da işləməyib: “Namizədlər DSK-nın qərarı onlara verildikdən sonra şikayət edə bilərlər. DSK-lar işləmədiyindən protokolları birbaşa MSK-ya gətiriblər. Namizədlər yekun protokolu ala bilmədikləri üçün şikayət edə bilməyiblər”.
MSK üzvü Akif Qurbanov isə bildirib ki, yekun protokollar böyük əhəmiyyət daşıyır və MSK sədrinin bu protokolların namizədlərə verilməməsinin elə bir əhəmiyyəti olmadığı barədə söylədiklərini qəbul etmir.
MSK sədri Məzahir Pənahov bildirib ki, protokolu yox, DSK-nın qərarını nəzərdə tutub: “Mən həmişə dairə seçki komissiyalarının sədrlərinə demişəm ki, iş yerinizdə olmalısınız. Onlar 8-9 noyabrda da yerlərində olmalı idilər. Bu mənasız mübahisəyə son qoyulmalıdır”.
Arzu Səmədbəylinin müraciətinə xitam verilib.
İclasda ümumilikdə 20 müraciətə baxılıb. 1 müraciət ərizəçiyə geri qaytarılıb, 9-u baxılması üçün müvafiq DSK-lara göndərilib, qalanları isə təmin olunmayıb.
APA