
AVCİYA-nın təqdim etdiyi seçki səhifəsində seçkilərlə bağlı suallara, sizləri maraqlandıran, narahat edən problemlərə aydınlıq gətirmək istəyirsinizsə bizə müraciət edə bilərsiniz. Rubrikamız vətəndaşlarımızın maarifləndirilməsi məqsədilə hazırlanır. Sizin seçkiləri əhatə edəcək çoxsaylı suallarınızı AVCİYA-nın hüquqşünasları cavablandırır.
– Hansı hallarda konkret seçki dairəsi üzrə Milli Məclisə seçkilər təxirə salına bilər?
– AR Seçki Məcəlləsinin 149-cu maddəsinə müvafiq olaraq namizədlərin irəli sürülməsi ilə bağlı müddət bitənə qədər birmandatlı seçki dairəsi üzrə heç bir namizəd qeydə alınmayıbsa və ya bir namizəd qeydə alınıbsa, əlavə namizədlərin irəli sürülməsi və növbəti seçki hərəkətlərinin həyata keçirilməsi məqsədilə müvafiq seçki dairəsi üzrə seçkilər 2 ay müddətinə təxirə salınır.
Bundan əlavə, səsvermə gününədək seçki dairəsində qeydə alınmışnamizəd qalmazsa, yəni bütün namizədlər öz namizədliklərini geri götürdükləri halda, yaxud qeydə alınmış bir namizəd qalarsa, namizədlərin irəli sürülməsi və sonrakı hərəkətlərin edilməsi üçün birmandatlı seçki dairəsində seçkilər ən geci 3 ay müddətinə təxirə salınır.
– Milli Məclisə seçkilərdə namizədin neçə vəkili ola bilər ?
– AR Seçki Məcəlləsinin 152-ci maddəsinə əsasən birmandatlı seçki dairəsi üzrə qeydə alınmış namizədin 10-a qədər vəkil edilmiş şəxsi təyin etmək hüququ vardır. Həmin şəxslər müvafiq olaraq dairə seçki komissiyası tərəfindən qeydə alınırlar.
– Seçkilərdə iştirak edən siyasi partiyalar və ya qeydə alınmışnamizədlər seçki komissiyalarının tərkibinə komissiya üzvü təyin etmək hüququna malikdirlərmi?
– Azərbaycan Respublikası Seçki Məcəlləsinin 148.6-cı maddəsinin tələblərinə müvafiq olaraq birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizəd irəli sürmüş və ya namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları hər bir seçki komissiyasının tərkibinə bir məşvərətçi səs hüquqlu üzv təyin edə bilərlər. Birmandatlı seçki dairəsi üzrə qeydə alınmış namizəd də öz növbəsində müvafiq dairə seçki komissiyasına və seçki dairəsinin ərazisində yerləşən hər bir məntəqə seçki komissiyasına bir məşvərətçi səs hüquqlu üzv təyin edə bilər.
– Seçki dövründə namizədlərin nəqliyyat xərclərinin ödənilməsində hər hansı güzəştlər varmı?
–Azərbaycan Respublikası Seçki Məcəlləsinin 150-ci maddəsinə görə birmandatlı seçki dairəsi üzrə qeydə alınmış namizədə müvafiq seçki dairəsi ərazisinin hüdudlarında (taksi və sifarişli reyslər istisna olmaqla) ümumi istifadədə olan şəhər, habelə şəhərkənarı və şəhərlərarası nəqliyyat vasitələrində gediş-gəlişin dəyəri müvafiq ödəniş sənədləri təqdim edildikdə ödənilir.
Qeydə alınmış namizəd namizəd kimi çıxış etdiyi birmandatlı seçki dairəsinin hüdudlarından kənarda yaşayırsa, əlavə olaraq ona dəmir yolu və ya ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə 4 dəfə, yaxud təyyarə ilə 2 dəfə seçki dairəsinə və geriyə gediş-gəlişinin dəyəri müvafiq ödəniş sənədləri təqdim edildikdə ödənilir.
Birmandatlı seçki dairəsi üzrə qeydə alınmış namizədin gediş-gəlişinin dəyəri seçkilərin hazırlanmasına və keçirilməsinə ayrılan vəsait hesabına müvafiq dairə seçki komissiyası tərəfindən ödənilir.
AVCİYA