
“ELS” MÜSTƏQİL ARAŞDIRMALAR MƏRKƏZİ GƏNCƏDƏ BEYNƏLXALQ KONFRANS KEÇİRİB “ELS”
Müstəqil Araşdırmalar Mərkəzi Gəncə şəhərində “Qadınların seçici fəallığının artırılmasında beynəlxalq təcrübənin tətbiqi” layihəsi çərçivəsində beynəlxalq konfrans keçirib. Tədbir, ABŞ-ın Azərbaycandakı səfirliyinin Demokratiya Komissiyasının Kiçik Qrantlar Proqramının dəstəyi ilə reallaşıb. Layihə üzrə ELS-in tərəfdaşı 90 ildən artıq tarixə malik ABŞ Qadın Seçicilər Liqasıdır. Liqa bələdiyyələr və hökumət qurumları arasında münasibətləri tənzimləməklə seçkilərin ədalətli keçirilməsində mühüm rol oynayır. “ELS” Araşdırmalar Mərkəzinin direktoru İradə Yaqubova giriş sözündə bildirib ki, Azərbaycan qadınlarının seçkilərdə fəal iştirakı üçün heç bir hüquqi maneə yoxdur. Maneələr yalnız stereotiplər və qadınların passivliyidir. Bunu ölkə qadınları arasında 2010-cu ilin iyun-iyul aylarında “ELS” könüllüləri tərəfindən keçirilən sorğunun nəticələri də təsdiqləyir: “Lakin sevindiricidir ki, 2010-cu ildə keçiriləcək seçkilərdə iştirak edib-etməyəcəkləri barədə suala ümumilikdə 66,8% “Bəli” cavabını verib. Sorğuda, həmçinin qadınların seçki orqanlarında təmsil olunmaq istəyib-istəmədikləri də öyrənilib. Bu istəkdə olan qadınlar 9,2%, cavablandırmaqda çətinlik çəkənlər isə 11,3 % təşkil edib. Nəticə göstərir ki, seçkilərdə iştirak etməkdə tərəddüd edənlərə nisbətən hər 5-ci qadın cəmiyyətin fəal üzvüdür...” Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Hafiz Namazov bildirib ki, komitə də seçkilərdə qadınların iştirakı məqsədilə regionlarda müxtəlif tədbirlər həyata keçirib: “Cari ilin iyul ayından başlayaraq respublikanın Bakı, Abşeron, Qusar, Cəlilabad, Zaqatala, İsmayıllı, Ağstafa, Samux, Göyçay, Şirvan, Goranboy, Bərdə rayonlarında “XX əsrdə zorakılıq əleyhinə – əsas amil kimi daxili mədəniyyətin möhkəmləndirilməsi” mövzusunda bələdiyyə üzvləri olan qadınlar, yerli özünüidarəetmə strukturlarının nümayəndələri və QHT-lərlə birgə görüşlər keçirmişik. Görüşlərdə, məişət zorakılığı, o cümlədən, regionlarda qadınların ictimai fəallığının artırılması, seçkilərə cəlb edilməsi, onların seçkilərdə iştirakları istiqamətində yerli icra hakimiyyəti və bələdiyyələr qarşısında duran vəzifələr, eləcə də mövcud problemlərin aradan qaldırılması yolları müzakirə edilib...” “Azərbaycanda demokratiyanın inkişafı: qadınların rolunun artırılması” mövzusunda çıxış edən “ABŞ-ın Seçici Qadınları Liqası”nın (Vaşınqton, ABŞ) proqram rəhbəri Zaida Arquedasın sözlərinə görə, qadınların siyasi həyatda və liderlik mövqelərində olmaması demokratiyaya kölgə salır. Siyasi məsələlərdə bərabər iştirak hökumətlərin daha reprezentativ, fəaliyyətinin etibarlı və şəffaf olduğunu göstərir. Mükəmməl demokratiya qadınların və kişilərin balanslı şəkildə iştirakını tələb edir. Qadınlar, konstitusiyanın təkmilləşdirilməsinə və sülh prosesinin bərqərar olunmasına əhəmiyyətli təsir göstərə bilərlər. Gəncə şəhər İcra Hakimiyyəti ictimai-siyası struktur bölməsinin müdiri Ruslan Qardaşov öz çıxışında qeyd edib ki, 9 milyonluq Azərbaycan əhalisinin 52 %-nin qadınların təşkil etməsi cəmiyyətdə aparıcı qüvvənin məhz onlara aid olmasına əsaslı sübutdur. Müstəqil politoloq, fəlsəfə elmləri doktoru Ksandra Keyden Amerikada feminist hərəkatının yaranması və inkişafı tarixindən söhbət açdı, “Avropa Layihələri” Assosiasiyasının sədri Mariya Tençeva “Bolqarıstanın ictimai-siyasi həyatında qadınların rolu”nun əhəmiyyətli dərəcədə olduğunu bildirdi. “Seçkilər bizə nə verir?” mövzusunda çıxış edən “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqlinin sözlərinə görə, bələdiyyə seçkilərində uğur qazananların 26%-dən çoxunu qadınlar təşkil edir. Mövcud 1709 bələdiyyədən 302-nə qadınlar sədr seçilib. Bu fakt Azərbaycan qadınının cəmiyyətdə aparıcı qüvvəyə çevrilməsindən xəbər verir. Tədbirdə həmçinin Qlobal Məsələlər Forumunun (Stemford, ABŞ) prezidenti Key Maksvel, “Qadınlar bələdiyyələrin inkişafı uğrunda” İctimai Birliyinin sədri Lyudmila Xəlilova, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Gəncə Regional Mərkəzinin baş məsləhətçisi Səbuhi Abbasov, Demokratik Seçkilərə Dəstək Mərkəzinin prezidenti Çingiz Dadaşov, yerli QHT-lərin, beynəlxalq təşkilatların rəsmiləri, Gəncə və qərb bölgəsi rayonlarının fəal qadınları və KİV təmsilçiləri iştirak edirdilər. Sonda konfrans iştirakçılarının Azərbaycan qadınlarına ünvanlanmış Gəncə bəyanatı qəbul edildi. Bəyanatda deyilir ki, Azərbaycan qadınları ilk növbədə səsvermə ilə baglı özünə inamsızlığı dəf etməli, ictimai-siyasi proseslərdə fəallıq göstərməli, öz hüquqlarını bilməli və bir vətəndaş olaraq onlardan istifadə etməlidirlər. Bundan basqa, siyasi proseslərdə iştirak etməli, potensial seçicilərə seçki prosesi, namizədlər, seçki bülleteni haqqında dolğun məlumat verilməsi prosesinin fəal iştirakçılarına çevrilməlidirlər. Onlar qanunvericilik siyasətinin təkmilləşdirilməsinə kömək etməklə öz ölkələrində demokratik fikrin inkişafına nail ola bilərlər. Dövlətin rəhbərlikdə təmsil olunacaq lider qadınlara daha çox ehtiyacı var.
AVCIYA Mətbuat Xidməti