 Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP), Böyük Quruluş Partiyası (BQP) və Ədalət Partiyası (ƏP) arasında “İslahat” seçki blokunun yaradılmasına dair niyyət protokolunun imzalanma mərasimi keçirilib. Imza mərasimindən sonra keçirilən mətbuat konfransında partiya sədrləri namizədliklərini irəli sürəcəkləri dairələri açıqlayıblar. BQP sədri Fazil Qəzənfəroğlu 26 saylı Sabunçu birinci, BAXCP sədri Qüdrət Həsənquliyev 97 saylı Goranboy-Ağdam-Tərtər, ƏP sədri İlyas İsmayılov isə 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairələrindən namizəd olacaqlar. BQP sədri Fazil Qəzənfəroğlu deyib ki, blok seçki dairələrinin 95%-də namizədlərini müəyyənləşdirib və bloka üzv olan partiyalar arasında mübahisə doğuran dairələr yoxdur. Azərbaycandakı ictimai-siyasi mühitə diqqət yönəldən F. Qəzənfəroğlu müxalifət düşərgəsində təmsil olunan bəzi partiyaları məsuliyyətsizlikdə ittiham edib. O, Qərb dəyərlərini təbliğ edən həmin siyasi qüvvələrin sonda Rusiyadan maliyyələşdirildiyinə şahid olduqlarını söyləyib: “Həmin qüvvələr mənəvi aşınmaya məruz qalıb. Ümumiyyətlə, bu gün özünü radikal müxalifət adlandıran və iqtidarla separat danışıqlara gedən siyasi təşkilatların mövqeyi anlaşılan deyil. Cəmiyyət bunu bilməlidir”. BAXCP sədri Qüdrət Həsənquliyev isə mənəvi aşınmaya məruz qalan siyasi partiya dedikdə AXCP-nin nəzərdə tutulduğunu açıqlayıb. O bildirib ki, Rusiyada yaşayan iş adamı Sakit Allahverdiyev həmin ölkənin xüsusi xidmət orqanının təlimatı ilə “Azadlıq” qəzetinə, dolayısı ilə AXCP-yə 2005-ci il parlament seçkiləri ərəfəsində külli miqdarda maliyyə dəstəyi göstərib. Q. Həsənquliyevin fikrincə, narazı elektorat bu seçkilərdə müxalifət düşərgəsində təmsil olunan həmin qüvvələrin namizədlərinə deyil, parlamentdə oturacaq və cəmiyyətin problemini diqqətə çatdıracaq şəxslərə səs verəcək. ƏP sədri İlyas İsmayılov isə əlavə edib ki, ölkədə demokratik dəyərlərin inkişafı sivil münasibətlərdən keçir. APA
|